Uşaq və yeniyetmələrin sağlamlığının qorunması və təhsil müəssisələrində sanitariya-gigiyena tələblərinə riayət olunması mövzusunda seminar-müşavirə keçirilib
Uşaq və yeniyetmələrin sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin profilaktikası, sağlam həyat tərzi prinsiplərinin təşviqi, eləcə də təhsil müəssisələrində sanitariya-gigiyena norma və qaydalarına əməl olunmasının təmin edilməsi məqsədilə 24 noyabr 2026-cı il tarixində Nərimanov rayonunda yerləşən 193 nömrəli tam orta ümumtəhsil məktəbində seminar-müşavirə keçirilib.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumtəhsil Müəssisələri üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının, səhiyyə və təhsil müəssisələrinin, eləcə də Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Seminar çərçivəsində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən uşaqlar və yeniyetmələr arasında yoluxucu xəstəliklərin epidemioloji xüsusiyyətləri, onların yayılma mexanizmləri və profilaktikası, şəxsi və ictimai gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti, helmintozların yaranma və yayılma yolları, zərərli vərdişlərin böyüməkdə olan orqanizmin fiziki və psixoloji inkişafına mənfi təsirləri, həmçinin uşaqların icbari dispanserizasiyasının düzgün təşkili və tibbi müşahidənin davamlılığının təmin edilməsi məsələləri barədə ətraflı məruzələr təqdim olunub.
Tədbirdə təhsil müəssisələrində sanitariya norma və tələblərinə riayət olunması məsələsinə də xüsusi diqqət yetirilib. Qeyd olunub ki, tədris və yardımçı otaqların, siniflərin, idman zallarının, sanitar qovşaqların və digər ümumi istifadə sahələrinin sanitar vəziyyətinə mütəmadi nəzarət edilməsi, təmizlik və dezinfeksiya tədbirlərinin müəyyən edilmiş qaydada həyata keçirilməsi, içməli suyun keyfiyyətinin, havalandırma və işıqlandırma sistemlərinin vəziyyətinin, eləcə də temperatur və rütubət göstəricilərinin yoxlanılması sağlam və təhlükəsiz tədris mühitinin yaradılmasının mühüm şərtlərindəndir.
Eyni zamanda, təhsilalanlar arasında şəxsi gigiyena vərdişlərinin inkişaf etdirilməsi, əl gigiyenasına əməl olunması, sanitar maarifləndirmə işlərinin sistemli təşkili, yoluxucu xəstəlik əlamətləri müşahidə olunan uşaqların vaxtında aşkar edilməsi və zəruri tibbi tədbirlərin görülməsi istiqamətində məktəb rəhbərliyinin, tibb işçilərinin və pedaqoji kollektivin birgə fəaliyyətinin vacibliyi vurğulanıb. Məruzələr əyani təqdimatlar və slaydlarla müşayiət olunub, təhsil müəssisələrində sanitar-epidemioloji salamatlığın təmin edilməsi, mövcud problemlərin aradan qaldırılması, profilaktik tədbirlərin səmərəliliyinin artırılması və müvafiq qurumlar arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
