Dezinfeksiya tədbirləri hansı hallarda aparılır?

Əgər hər hansı bir müəssisədə yoluxucu xəstəlik yayılmaq təhlükəsi yaranarsa dərhal orada müvafiq olaraq dezinfeksiya, dezinseksiya (həşəratlara qarşı), deratizasiya (gəmiricilərə qarşı) tədbirləri həyata keçirir. Bu tədbirlər yalnız xüsusi hallarda aparılır. Məsələn, məktəbdə, uşaq bağçasında və ya ictimai bir müəssisədə xəstəlik yayılmaq riski varsa (vərəm, qoturluq, bağırsaq infeksiyaları baş verərsə) Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzi dərhal tədbir görür, məlumat Bakı şəhər dezinfeksiya mərkəzinə ötürülür, həmin infeksiya ocağında dezinfeksiya tədbirləri aparılır.

Lakin, yaşayış binalarının mənzillərində, bloklarında, zirzəmilərində yuxarıda göstərilən hallar yoxdursa bu işlər dezinfeksiya, dezinseksiya, deratizasiya işləri ilə məşğul olan və müvafiq lisenziyası olan fiziki və ya hüquqi şəxslər tərəfindən müqavilə əsasında aparıla bilər. Bunun üçün vətəndaşlar yaşayış yeri üzrə müvafiq quruma müraciət edə bilərlər. Məsələn, köhnə binalarda   Mənzil Kommunal və Texniki Xidmət sahələrinə.

Həmçinin, “Bakı şəhər Dezinfeksiya Mərkəzi” PHŞ nizamnaməsinə əsasən müraciətlərlə bağlı müvafiq dezinfeksiya tədbirlərini ödənişli əsaslarda həyata keçirir.

Lakin son zamanlar Bakı şəhəri və respublikanın digər regionlarında özlərini Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, onun Bakı Şəhər Dezinfeksiya Mərkəzinin əməkdaşları kimi təqdim edən bəzi şəxslər tərəfindən sahibkarlıq subyektlərində yoxlamaların və əsassız dezinfeksiya işlərinin aparılması, sanitariya-gigiyena qaydalarının pozulmasına görə cərimə edilməsi təhdidləri kimi neqativ hallara rast gəlinir.

Bununla bağlı Səhiyyə Nazirliyi bildirir ki, ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərində yoxlamaların aparılması Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən 02.07.2013-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununla tənzimlənir. Belə ki, bu qanuna əsasən yoxlamalar yalnız Ədliyyə Nazirliyinin müvafiq icazə sənədi əsasında aparıla bilər.

 

 

 

 

 

 

 

Please select an image first to render the grid properly