“Heydər Əliyev və Azərbaycan Səhiyyəsi”

Mayın 4-də Respublika Gigiyena və Epidemiologiya Mərkəzində Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin həyat yolu”, “Heydər Əliyev və Azərbaycan Səhiyyəsi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyat yolundan bəhs edən videoçarx nümayiş etdirilib, Ulu Öndərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Respublika GEM-nin baş direktoru Sara Həsənova tədbiri giriş sözü ilə açaraq Heydər Əliyevin səhiyyə ocaqlarının yenidən qurulmasında, yeni tibb müəssisələrinin tikintisi üzrə layihələrinin həyata keçirilməsində əvəzsiz rolundan danışdı: “Ulu öndər bütün dövrlərdə öz xalqına xidmət etmiş və onun Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir. Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, Azərbaycanın uğurlu siyasət aparmaq iqtidarında olmasında, sözün əsl mənasında, siyasətimizin Milli maraqlar üzərində qurulmasında Heydər Əliyevin danılmaz rolu var”.

XXI əsrə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qədəm qoyan Azərbaycan Respublikası müstəqil dövlətçiliyin qorunması vəzifələrini uğurla həll edərək, onun möhkəmlənməsi və inkişafı üçün möhkəm təməl yaratdı. Prezident Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət Azərbaycanı ötən əsrin 90-ci illərinin əvvəllərindəki xaos və anarxiya girdabından xilas edərək, əsrin sonlarında ardıcıl inkişaf yoluna çıxardı.

Gərgin səylər hesabına ictimai-siyasi sabitliyin bərqərar olması və ölkədə cərəyan edən proseslərin sabit məcrada gedişini şərtləndirən mühüm amilə çevrilməsi hüquqi, demokratik dövlət quruculuğu sahəsində geniş miqyaslı islahatların aparılmasına imkan yaratdı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi, demokratik seçkilər əsasında yaradılmış ilk parlamenti fəaliyyətə başladı. Mövcud qanunvericiliyin bütün müddəalarına, şəffaf və demokratik seçki prinsiplərinə uyğun olaraq 1998- ci ildə növbəti prezident seçkiləri keçirildi və yenidən xalqın etimadını qazanmış Heydər Əliyev ikinci prezidentlik müddətində demokratik islahatların dərinləşdirilməsi və müstəqil dövlətçiliyin möhkəmləndirilməsi sahəsində mühüm addımlar atdı.

Heydər Əliyevin prezidentliyi dövründə həyata keçirilən siyasət Azərbaycanın sosial-iqtisadi dirçəlişi və gələcək inkişafı üçün perspektivlər açdı. Azərbaycanın sosial-iqtisadi inkişaf yoluna çıxması, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu proseslərinin vüsət alması respublikanın beynəlxalq mövqelərinin möhkəmlənməsi ilə müşayiət olunurdu. Ulu öndərin xarici siyasət kursu Azərbaycanın müstəqil dövlətçilik mənafelərinin qorunmasına, Ermənistanın təcavüzünün dəf edilməsinə və ölkənin ərazi bütövlüyünün bərpa olunmasına yönəlmişdi.

Ulu öndərin başçılığı ilə 1969-1982-ci illərdə Azərbaycandakı intibahı şərtləndirən amillərdən biri respublikada səhiyyənin inkişafına xüsusi diqqət yetirməsi, səhiyyə sisteminə üstünlük verməsi olmuşdur. Dünya şöhrətli siyasətçi, müdrik dövlət xadimi Heydər Əliyev cənablarının Azərbaycana rəhbərlik etdiyi dövr ərzində səhiyyəmizin əsrlərə bərabər inkişaf yolu keçdiyi mütləq tarixi həqiqətdir.

Azərbaycan səhiyyəsinin dinamik inkişaf relsləri üzərinə çıxması birmənalı şəkildə Heydər Əliyev cənablarının adı ilə bağlıdır. Belə ki, 70- illərin əvvəllərindən, yəni Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk aylardan başlayaraq Azərbaycanın sosial-iqtisadi, elmi-mədəni həyatında böyük canlanma yarandı. Respublikanın xalq təsərrüfatının bütün sahələrində, elm və təhsildə, incəsənət və mədəniyyətdə, səhiyyə və məişətdə sıçrayışlı bir inkişaf dövrü başladı.

Səhiyyəyə verilən yüksək qiymətin nəticəsi olaraq Heydər Əliyev cənabları 2001-ci ildə “Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında sərəncam imzalamış və hər il iyunun 17-si Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı kimi qeyd edilir”.

1993-2000-ci illər arasında Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyənin qanunvericilik bazası təkmilləşdirilmiş, tibbi müəssisələrin ən yeni texnologiyalarla təmin edilməsi ön plana çəkilmişdir. “ƏhaIinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanlann immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında», «Əczaçılıq fəaliyyəti haqqında”, “İnsan orqan və ya toxumalarının tranplantasiyası haqqında”, “Tibbi sığorta haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Psixiatriya yardımı haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və s. qanun lahiyələri qəbul edilib.

Heydər Əliyevin müntəzəm qayığısı səhiyyəmizin təkcə maddi texniki cəhətdən güclənməsi ilə məhdudlaşmayıb. Səhiyyə Nazirliyinin rəhbərliyinin işə peşəkar yanaşmasının nəticəsi olaraq bu gün Azərbaycan səhiyyəsi dünya tibb elminə layiqli töhvələr verməyə qadir olan tibb xadimləri yetişdirilib.

Dəyirmi masada Respublika GEM-nin əməkdaşları – həkim və işçi heyəti iştirak ediblər. Onlar Ulu Öndər Heydər Əliyevin səhiyyə  sahəsində diqqət və qayğısından, tibbi kadrların hazırlanması istiqamətindəki fəaliyyətindən, eləcə də tibb elmi və tibb təhsil sisteminin inkişafındakı rolundan söhbət açıblar.