İmmunlaşdırma həftəsi ərəfəsində regionlarda immunizasiya kampaniyalarının keçirilməsi barədə
Ana səhifə › Xəbərlər › İmmunlaşdırma həftəsi ərəfəsində regionlarda immunizasiya kampaniyalarının keçirilməsi barədə
İmmunlaşdırma həftəsi ərəfəsində regionlarda immunizasiya kampaniyalarının keçirilməsi barədə
May 14, 2024 371 Views
Avropa İttifaqının maliyyələşdirdiyi “Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Ümumdünya Səhiyyə Təşkilatı, və TƏBİB tərəfindən aprel ayının son həftəsindən başlayaraq Genişləndirilmiş İmmunizasiya Proqramının (GİP) 50-ci ildönümü və İmmunizasiya həftəsi ilə əlaqədar regionlarda peyvənddən kənarda qalan uşaqları vaksinasiyaya cəlb etməklə, “sıfır” dozalı uşaqların sayını azaltmaq məqsədilə silsilə tədbirlər keçirilib.
Ağdaş rayonunda başlayan kampaniya 6-10 may tarixlərində Şəki şəhərində və onun kəndlərində davam etdirilib. Paytaxtdan dəvət olunmuş pediatrlar peyvənd mövzusunda tərəddüd edən valideynlərlə maarifləndirici görüşlər keçiriblər.
Tibb işçiləri üçün təşkil olunmuş təlimdə iştirak edən ÜST-in Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr. Hande Harmancı 1974-cü ildə ÜST-in təşəbbüsü ilə başladılan GİP-ə diqqət çəkərək, əldə edilən nailiyyətləri qeyd edib.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Dr. Afaq Əliyeva isə ÜST-in tövsiyələrinə uyğun Uşaqların İmmunizasiyası üzrə yeni Təlimat hazırlandığını və təsdiqlənməsinin yaxın günlərdə gözlənildiyini qeyd edib.
Kampaniyaya həmçinin yerli icra qurumlarının nümayəndələri də cəlb edilib. Ümumilikdə, təlimlərdə immunizasiya ilə məşğul olan 100-ə yaxın həkim, tibb işçisi və 75 nəfər icma nümayəndəsi iştirak edib.