Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində “Tullantılarla işləmək qaydaları, təhlükəli tullantılarla düzgün işləməyin təşkili” mövzusunda təlimlər keçirilib

Azərbaycan Respublikası “Tullantılar haqqında” Qanununun 12.6-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2007-ci il tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”ə əsasən, müalicə-profilaktika müəssisələrində tullantılara gündəlik nəzarətin təşkili üçün məsul şəxslərin müvafiq sertifikat əldə etməsi vacibdir.

Qanunvericiliyin tələblərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-də 2024-cü ildən başlayaraq müalicə-profilaktika müəssisələrində mütamadi olaraq tibbi tullantıların idarə olunmasına cavabdeh şəxslər üçün təlimlər keçirilir.

 Cari ilin 05-07 may tarixlərində “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ tərəfindən “Tullantılarla işləmək qaydaları, təhlükəli tullantılarla düzgün işləmənin təşkili” mövzusunda tibb müəssisələrində tibbi tullantıların idarə olunmasına cavabdeh şəxslər üçün təlimlər təşkil olunub. Təlimlər zamanı iştirakçılara normativ-hüquqi baza, tullantıların düzgün çeşidlənməsi, saxlanması, daşınması və zərərsizləşdirilməsi qaydaları, həmçinin təhlükəsizlik tələbləri barədə ətraflı məlumat verilib.

Təlimlərdə iştirak etmiş 21 tibb müəssisəsinin 32 nəfər əməkdaşına təhlükəli tibbi tullantılarla işləmək hüququ verən sertifikatlar təqdim olunub. Onlar əldə etdikləri bilikləri gələcəkdə fəaliyyət göstərdikləri müəssisələrində tətbiq edərək tibbi tullantıların sanitariya-gigiyena və ekoloji tələblərə uyğun idarə olunmasına töhfə verəcəklər.