Ümumdünya Səhiyyə Təşkilatının “WHONET” proqram təminatı üzrə növbəti praktiki təlimi keçirilib
Səhiyyə Nazirliyi tərəfindən infeksion xəstəliklərə nəzarət və profilaktika mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “WHONET” proqram təminatı üzrə növbəti praktiki təlimi keçirilib. Tədbirdə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-epidemioloqları A. Qurbanova və R. Quliyeva ilə yanaşı, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM), Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ), Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu (ETAXİ) və Dövlət Gömrük Komitəsinin Tibb Xidmətinin nümayəndələri, eləcə də laboratoriya mütəxəssisləri və həkim-infeksionistlər iştirak ediblər.
İştirakçılar antibiotiklərə həssaslıq testlərinin nəticələrinin vahid bazada toplanması və təhlili, eləcə də müasir nəzarət standartlarının tətbiqi üzrə biliklərini yeniləyiblər.
Səhiyyə və laboratoriya strukturları üçün əhəmiyyətli olan bu proqram təminatı xəstəxanadaxili infeksiyaların və antimikrob rezistentliyin (AMR) dinamikasının ətraflı təhlilinə imkan verir. Təlim çərçivəsində iştirakçılara laboratoriya məlumatlarının rəqəmsallaşdırılması, rezistent ştammların avtomatik aşkarlanması və infeksiya ocaqlarının vaxtında lokallaşdırılması məqsədilə “WHONET” proqram təminatının təqdim etdiyi analitik alətlərdən istifadə qaydaları ətraflı nümayiş etdirilib.
Keçirilən praktiki təlimlər müəssisələrdə antibiotiklərin rasional istifadəsinin tənzimlənməsi, risklərin əvvəlcədən qiymətləndirilməsi və infeksion xəstəliklərin monitorinqi sistemlərinə etibarlı məlumatların ötürülməsi imkanlarının daha da gücləndirilməsinə şərait yaradacaq. Bu isə qurumlararası inteqrasiyanın gücləndirilməsi ilə ölkə səviyyəsində infeksion xəstəliklərlə mübarizənin effektivliyinin artırılmasına və ictimai sağlamlığın qorunmasına xidmət edəcək.
