Ümummilli Lider Heydər Əliyev – qəlbimizdə əbədi yaşayan dahi insan
12 dekabr – müasir Azərbaycan dövlətçiliyinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günüdür.
Heydər Əliyev dünya siyasətində müdrikliyi, uzaqgörənliyi, qətiyyəti və prinsipiallığı ilə seçilən nadir liderlərdən biri olub, Azərbaycanın ən ağır, taleyüklü dövrlərində böyük siyasi iradə nümayiş etdirərək dövlətçiliyimizi qoruyub və ölkəmizi sabitlik, inkişaf və tərəqqi yoluna çıxarıb.
Heydər Əliyev üçün insanların sağlamlığı və səhiyyənin inkişafı hər zaman prioritet olmaqla yanaşı savadlı, bilikli və peşəkar həkim kadrlarının hazırlanması, eləcə də əhalinin sağlamlığının qorunması önəmli olub.
Respublikada müxtəlif sahələr üzrə elmi konfranslar, forumlar və qurultaylar təşkil edilib, mütəxəssislərin təcrübəsi artırılıb. Bu tədbirlər həm yüksək ixtisaslı tibbi kadrların inkişafına, həm də elmi əlaqələrin möhkəmlənməsinə xidmət edib, həkimlərin və orta tibb işçilərinin peşəkarlığı yüksəlib. Bundan əlavə Ulu Öndər tərəfindən səhiyyənin maddi-texniki bazasının gücləndirilməsinə diqqət ayrılıb, tibb müəssisələrini müasir avadanlıq və cihazlarla təmin edilib. Onun təşəbbüsü ilə ölkədə səhiyyə qanunvericiliyi təkmilləşdirilib.
Əhalinin sanitar-gigiyena vəziyyəti, su hövzələrinin və sənaye müəssisələrinin sanitar durumu daim nəzarətdə olub. Peşə patologiyaları, sənaye toksikologiyası, yoluxucu xəstəliklər, alkoqolizm və narkomaniya ilə mübarizə prioritet sahələr olub. Bu tədbirlər əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşmasına və tibb xidmətlərinin keyfiyyətinin yüksəlməsinə imkan yaradıb.
Səhiyyəyə göstərilən yüksək diqqətin məntiqi nəticəsi olaraq, Ümummilli Lider Heydər Əliyev 2001-ci ildə “Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb və hər il 17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı kimi qeyd olunur.
Ulu Öndərin müəyyən etdiyi səhiyyə strategiyası bu gün də Azərbaycan səhiyyəsinin inkişafının əsas prinsiplərindən biridir. Yeni tikilən və təmir olunan tibb müəssisələri, müasir avadanlıq və yüksək ixtisaslı kadrlar əhalinin sağlamlığının qorunmasına xidmət edir. Dövlətin və Prezidentin səhiyyəyə göstərdiyi diqqət nəticəsində Azərbaycan səhiyyəsi beynəlxalq aləmdə də yüksək qiymətləndirilir.
Bu gün ölkəmizin bütün sahələrində müşahidə olunan inkişaf, Azərbaycanın qlobal miqyasda təşəbbüskar, etibarlı və prinsipial tərəfdaş kimi tanınması, dövlət siyasətinin ardıcıl və uğurla icra olunması və prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasi kursun nəticələri Ulu Öndər Heydər Əliyevin müdrik irsinin layiqli davamıdır. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri və ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artması məhz Heydər Əliyevin müəyyən etdiyi siyasi strateji xəttin məntiqi nəticəsidir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün qurduğu yol bu gün də gücümüzün, sabitliyimizin və birliyimizin təməlidir.
Ulu Öndərin Vətənə sevgisi və əvəzsiz töhfələri hər birimiz üçün örnəkdir.
Anım günü ilə əlaqədar Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivi Fəxri Xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin hörmət və böyük ehtiramla yad ediblər.
