“Uşaqlıq boynu xərçəngindən azad gələcək nəsilə doğru: Tədqiqatdan tətbiqə” adlı milli seminar keçirilib

25 noyabr tarixində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə təşkilatçılığı ilə “Uşaqlıq boynu xərçəngindən azad gələcək nəsilə doğru: Tədqiqatdan tətbiqə” adlı milli seminar keçirilib.

Tədbirdə səhiyyə və tibb müəssisələrinin nümayəndələri, o cümlədən Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Baş direktor müavini S.Nəcəfova, İmmunoprofilaktika bölməsinin müdiri G.Azadəliyeva, müvafiq dövlət qurumlarının təmsilçiləri və mütəxəssislər iştirak ediblər.

Seminarda insan papilloma virusu (İPV) peyvəndinin qadın sağlamlığının qorunmasında və uşaqlıq boynu xərçənginin qarşısının alınmasında rolu barədə sübuta əsaslanan məlumatlar təqdim olunub. Bundan əlavə, ölkəmizdə peyvəndin tətbiqinə hazırlıq məqsədilə aparılmış yerli tədqiqatların nəticələri müzakirə edilib.

Açılış mərasimində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Xəstəliklərə Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova, İSİM-in direktor müavini Qəhrəman Haqverdiyev və ÜST Avropa Regional Bürosunun İmmunizasiyada ədalətlilik üzrə eksperti Brett Craig çıxış ediblər. Çıxışlarda seminarın Azərbaycanda uşaqlıq boynu xərçənginin qarşısının alınması sahəsində ən son elmi nailiyyətlərin tətbiqi istiqamətində mühüm addım olduğu vurğulanıb.

Qeyd edək ki, seminar Azərbaycanın milli səhiyyə strategiyalarını ÜST-nin Uşaqlıq Boynu Xərçənginin Ləğvi üzrə Qlobal və Regional Strategiyalarına, eləcə də Avropa İmmunizasiya Gündəliyi 2030-un məqsədlərinə uyğunlaşdırmaq istiqamətində görülən işlərin bir hissəsidir.