ÜST-nin Avropa Regional Ofisinin qızılca və məxmərək xəstəliklərinin eliminasiyası üzrə ekspert qrupunun Azərbaycana səfəri baş tutub
Ana səhifə › Xəbərlər › ÜST-nin Avropa Regional Ofisinin qızılca və məxmərək xəstəliklərinin eliminasiyası üzrə ekspert qrupunun Azərbaycana səfəri baş tutub
ÜST-nin Avropa Regional Ofisinin qızılca və məxmərək xəstəliklərinin eliminasiyası üzrə ekspert qrupunun Azərbaycana səfəri baş tutub
Sen 23, 2024 150 Views
17-19 sentyabr 2024-cü il tarixlərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin qızılca və məxmərək xəstəliklərinin eliminasiyası üzrə ekspert qrupunun Azərbaycana səfəri baş tutub. Səfər çərçivəsində beynəlxalq ekspertlər tərəfindən epidemioloji nəzarətə dair monitorinq və xarici qiymətləndirmə işləri həyata keçirilib. Missiya nümayəndələrinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) struktur rəhbərləri ilə görüşləri təşkil olunub.
Görüş zamanı ekspertlərə ölkədən 2023-cü ilin aprel ayından qızılca xəstəliyinin alovlanması, xəstəliyin həmsərhəd olan ölkələrdən gətirilməsi nəticəsində qeydə alınması və bununla əlaqədar olaraq ölkə ərazisində aparılan əks epidemik və profilaktik tədbirlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən ölkəyə ÜST-nin prekvalifikasiyasından keçmiş vaksin preparatları gətirilib və əhali peyvəndlənməyə cəlb olunub. Hazırda həm uşaqlar, həm də böyük yaşlı əhali arasında peyvəndləmə işləri davam etdirilir.
Həmçinin, ekspertlərə 2015-ci ildən etibarən ÜST tərəfindən Azərbaycanda rəsmi olaraq qızılca və məxmərək xəstəliklərinin eliminasiyası (ölkə ərazisində endemik halların qeydə alınmaması) elan edildiyi və eliminasiya statusunun qorunub saxlanmağının ölkə üçün prioritet məsələlərdən biri olduğu vurğulanıb.
Missiya nümayəndələri Azərbaycanda qızılca alovlanmasına dair görülən işləri yüksək dəyərləndirmiş və gələcəkdə yeni alovlanmaların qarşısını almaq üçün müvafiq tövsiyələrini verib.