Yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması, ölkədə tətbiq olunan Heksavaksin və immunizasiya tədbirləri mövzusunda seminar keçirilmişdir

Ölkədə epidemioloji vəziyyətin qiymətləndirilməsi, mövcud göstəricilərin təhlili və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi məqsədilə 05 mart 2026-cı il tarixində Respublika Gigiyena və Epidemiologiya Mərkəzində iclas keçirilib.

İclasda Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayon Gigiyena və Epidemiologiya Mərkəzlərinin epidemiologiya şöbələrinin nümayəndələri iştirak ediblər. Tədbirdə ölkə üzrə yoluxucu xəstəliklərə dair mövcud epidemioloji vəziyyət, son dövrlərdə qeydə alınan göstəricilər və profilaktik tədbirlərin effektivliyi geniş şəkildə müzakirə olunub.

Müzakirələr zamanı yoluxucu xəstəlik halları üzrə epidemioloji araşdırmaların vaxtında və keyfiyyətli aparılmasının, xəstəlik ocaqlarında əks-epidemik tədbirlərin operativ həyata keçirilməsinin və profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, epidemioloji nəzarətin gücləndirilməsi və risk faktorlarının vaxtında müəyyənləşdirilməsi yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasında mühüm rol oynayır.

İclasda aşağıdakı məsələlərə xüsusi diqqət yetirilib:

Yoluxucu xəstəlik halları üzrə epidemioloji araşdırmaların operativ aparılması;

Peyvənddən kənarda qalan uşaqların və risk qruplarının müəyyənləşdirilərək immunizasiyaya cəlb edilməsi;

Xəstəlik ocaqlarında əks-epidemik və profilaktik tədbirlərin dərhal həyata keçirilməsi;

Tibb müəssisələri ilə məlumat mübadiləsinin operativliyinin təmin edilməsi;

Əhali arasında sanitariya-maarifləndirmə və profilaktik tədbirlərin gücləndirilməsi.

 

Bununla yanaşı, iclasda həmçinin immunizasiya tədbirlərinin əhəmiyyəti xüsusi vurğulanıb və kombinə olunmuş peyvəndlərin tətbiqinin üstünlükləri barədə müzakirələr aparılıb. Xüsusilə heksavaksinin əhəmiyyəti qeyd olunaraq bildirilib ki, bu peyvənd uşaqları bir neçə təhlükəli yoluxucu xəstəliyə qarşı eyni vaxtda qorumağa imkan verir və immunizasiya prosesinin daha effektiv və rahat həyata keçirilməsinə şərait yaradır. Heksavaksinin tətbiqi sayəsində uşaqlar difteriya, göyöskürək, tetanus, hepatit B, poliomielit və B tipli hemofil infeksiyası kimi xəstəliklərə qarşı qorunur. Bu isə həm uşaqların sağlamlığının qorunmasında, həm də yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasında mühüm rol oynayır. Heksavaksinlə qarşısı alına bilən xəstəliklər uşaqlarda ciddi ağırlaşmalara, hətta bəzi hallarda ölümə səbəb ola bilər. Peyvəndlənmə nəticəsində qeyd olunan yoluxucu xəstəliklərin törədə biləcəyi ağırlaşmaların, ciddi sağlamlıq problemlərinin, əlillik və ölüm hallarının yaranma riski əhəmiyyətli dərəcədə azalır. Bu isə uşaqların sağlam inkişafının təmin olunmasına və əhalinin ümumi sağlamlığının qorunmasına mühüm töhfə verir. Valideynlərin peyvəndlə bağlı düzgün məlumatlandırılması, peyvənddən kənarda qalan uşaqların vaxtında müəyyənləşdirilməsi və onların immunizasiyaya cəlb olunması epidemioloji sabitliyin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Xüsusilə qeyd edilib ki, ölkədə tətbiq olunan Heksavaksin Fransa mənşəlidir, Sanofi şirkəti tərəfindən istehsal olunur. Peyvənd beynəlxalq standartlara cavab verən, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi təhlükəsiz və effektiv peyvəndlər sırasına daxildir, eyni zamanda bir çox ölkələrdə geniş şəkildə istifadə edilir.  

İclasın sonunda qeyd olunub ki, immunizasiya tədbirlərinin ardıcıl və sistemli şəkildə həyata keçirilməsi, xüsusilə uşaqların vaxtında peyvəndlənməsi yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasında mühüm rol oynayır.