25 aprel – Ümumdünya Malyariya ilə Mübarizə Günüdür
25 aprel – Ümumdünya Malyariya ilə Mübarizə Günü 2007-ci ildən etibarən qeyd olunur. Bu günün əsas məqsədi malyariyaya qarşı qlobal mübarizəyə diqqətin artırılması, əhalinin məlumatlılığının gücləndirilməsi və profilaktik tədbirlərin əhəmiyyətinin vurğulanmasıdır.
Malyariya parazitlər tərəfindən törədilən və əsasən dişi Anopheles ağcaqanadlarının dişləməsi ilə insana yoluxan təhlükəli infeksion xəstəlikdir. Bu xəstəlik birbaşa insandan insana keçmir, lakin yoluxmuş ağcaqanadlar vasitəsilə sürətlə yayıla bilir. Malyariyaya səbəb olan beş növ parazit mövcuddur və onların içərisində ən təhlükəliləri Plasmodium falciparum və Plasmodium vivax hesab olunur.
Xəstəliyin əlamətləri yüngül və ya ağır formada özünü göstərə bilər. Yüngül hallarda qızdırma, üşütmə və baş ağrısı kimi simptomlar müşahidə olunur. Lakin bəzi hallarda malyariya ağırlaşaraq həyati təhlükə yarada bilər. Bu zaman güclü halsızlıq, şüurun pozulması, qıcolma, nəfəs darlığı, tünd və ya qanlı sidik, sarılıq və müxtəlif qanaxmalar meydana çıxa bilər.
Risk qrupuna əsasən körpələr, 5 yaşadək uşaqlar, hamilə qadınlar, tez-tez səyahət edən şəxslər və immun sistemi zəif olan insanlar daxildir.
2023-cü ildə Azərbaycanın “malyariyadan azad ölkə” statusu əldə etməsi mühüm nailiyyət kimi qiymətləndirilir. Bu status ölkə daxilində xəstəliyin yerli yayılmasının dayandırıldığını və nəzarət sistemlərinin effektiv fəaliyyətini göstərir. 2026-cı ildə də bu nailiyyətin qorunub saxlanılması məqsədilə profilaktik tədbirlərin davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Ümumdünya Malyariya ilə Mübarizə Günü bir daha xatırladır ki, bu xəstəliyin qarşısının alınması yalnız səhiyyə qurumlarının deyil, eyni zamanda hər bir fərdin məsuliyyətidir. Profilaktik qaydalara əməl etmək, vaxtında tibbi yardıma müraciət etmək və maarifləndirmə işlərinə dəstək olmaq bu mübarizədə mühüm rol oynayır.
