27 Sentyabr Anım Günüdür
27 Sentyabr Anım Günü – Azərbaycan xalqının müasir tarixinə həm kədər, həm də sonsuz qürur günü kimi həkk olunmuş bir tarixdir. 2020-ci ilin məhz bu günündə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmənin təxribatlarına cavab olaraq 44 günlük Vətən müharibəsində ordumuz qəhrəmanlıq, dövlətimiz qətiyyət, xalqımız isə sarsılmaz birlik göstərdi. Bu həmrəylik sayəsində 30 illik işğala son qoyuldu və torpaqlarımız azad olundu. Qazanılan Böyük Zəfər Azərbaycanın hərbi və siyasi gücünü bütün dünyaya sübut etdi.
Bu tarixi Zəfər yüzlərlə igid vətən oğlunun qanı və fədakarlığı hesabına qazanıldı. Azadlığımız uğrunda canından keçən belə qəhrəmanlardan biri də Bərdə rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı Hüseynov Adil Namiq oğludur. 2019-cu ildən GEM-də dezinfektor kimi çalışan Adil qısa zamanda məsuliyyəti və vətənpərvərliyi ilə seçilən bir gənc idi. 21 sentyabr 2020-ci ildə hərbi xidmətə çağırılan Adil 27 sentyabrda cəbhəyə yollanmış, Tərtər, Ağdam, Suqovuşan və Ağdərə istiqamətlərində cəsarətlə vuruşmuşdur. O, 17 oktyabr 2020-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış və doğulduğu Bərdə rayonunun Körpüqıran kəndində torpağa tapşırılmışdır. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən Hüseynov Adil “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
27 Sentyabr – Anım Günü yalnız bir təqvim günü deyil, bütün xalqımızın şəhidlərimizin əziz xatirəsinə bəslədiyi dərin ehtiramın və minnətdarlığın təcəssümüdür. İllər keçsə də, bizi torpaqlarımızın azadlığına qovuşduran, azad Qarabağda yaşamaq qürurunu bəxş edən qəhrəmanlarımızı heç vaxt unutmayacağıq.
Vətən uğrunda canından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Allah şəhidlərimizə rəhmət eləsin!
