Moskva şəhərində bioloji və toksin silahlarının qadağan edilməsi haqqında Konvensiyaya dair seminar keçirilib

Moskva şəhərində Rusiya Hökuməti ilə Bioloji və Toksin Silahların Qadağan olunması Konvensiyasının İmplementasiyasına Dəstək Bölməsinin birgə təşkilatçılığı ilə Konvensiya çərçivəsində milli öhdəliklərin yerinə yetirilməsi mövzusunda seminar keçirilib.

 

Tədbirdə MDB ölkələrinin nümayəndələri, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin   Epidemioloji məsələlər üzrə  Baş  direktorun müavini  Samirə Nəcəfova və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Texnologiyalar və teletibb şöbəsinin müdiri Samir Mehdiyev iştirak ediblər. Tədbir çərçivəsində bioloji təhlükəsizliyin təmin edilməsi, bioloji təhdidlərin qarşısının alınması, Konvensiyanın müddəalarının milli səviyyədə icrası və bu sahədə beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Samirə Nəcəfova çıxışında ölkəmizin bioloji təhlükəsizliyin təmin edilməsi və bioloji təhdidlərin qarşısının alınması istiqamətində həyata keçirdiyi tədbirlər, habelə Bakterioloji (Bioloji) və Toksin Silahları Konvensiyası çərçivəsində götürdüyü öhdəliklər barədə məlumat verib.

 

Qeyd olunub ki, Azərbaycan Respublikası 2003-cü il 5 dekabr tarixində qəbul edilmiş qanunla Bakterioloji (Bioloji) və Toksin Silahlarının hazırlanmasının, istehsalının və ehtiyata yığılmasının qadağan olunması və onların məhv edilməsi haqqında Konvensiyaya qoşulub.

 

Tədbir iştirakçılarına müxtəlif ölkələrin bioloji təhlükəsizlik sahəsində yanaşmaları və praktiki təcrübələri təqdim olunub, bioloji təhdidlərin qiymətləndirilməsi, Konvensiyanın milli səviyyədə icrası və etimadın möhkəmləndirilməsi tədbirləri ilə bağlı fikir mübadiləsi aparılıb. Seminar çərçivəsində Konvensiyanın etimad tədbirləri üzrə elektron platformasından istifadə ilə bağlı praktiki məsələlərə də toxunulub.

 

Seminarın yekununda iştirakçı ölkələr arasında ekspert dialoqunun davam etdirilməsinin, bioloji təhlükəsizlik sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin və mövcud əməkdaşlıq mexanizmlərinin daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.