31 may – Ümumdünya tütünlə mübarizə günü
Ümumdünya Tütünlə Mübarizə Günü hər il 31 may tarixində qeyd olunur. Bu gün tütün istifadəsinin insan sağlamlığına mənfi təsiri barədə ictimai məlumatlılığın artırılmasına, nikotin asılılığına qarşı mübarizənin gücləndirilməsinə və sağlam həyat tərzinin formalaşdırılmasına xidmət edir. Bununla yanaşı, dövlət qurumlarını, səhiyyə strukturlarını, vətəndaş cəmiyyətini və gəncləri bir araya gətirərək profilaktik və maarifləndirmə tədbirlərinin genişləndirilməsinə şərait yaradır.
Ötən ilki kampaniyanın yaratdığı müsbət dinamikanın davamı olaraq, Ümumdünya Səhiyyə Təşkilatı Ümumdünya Tütünlə Mübarizə Günü 2026-cı il çərçivəsində tütün və nikotin sənayesinin dəyişən strategiyalarına xüsusi diqqət yetirir, xüsusilə də gənclərin cəlbedici marketinq üsulları vasitəsilə nikotin asılılığına cəlb olunması riskinə qarşı daha güclü tədbirlərin görülməsinin vacibliyini vurğulayır.
ÜST-nin məlumatlarına əsasən, Avropa regionunda yeniyetmələr arasında tütün və elektron siqaret istifadəsi hələ də yüksək səviyyədə qalmaqdadır. Elektron siqaretlərin və nikotin məhsullarının geniş yayılması gənclərin erkən yaşlarda nikotin asılılığına məruz qalması riskini artırır. Araşdırmalar göstərir ki, elektron siqaret istifadəsi əvvəllər siqaret çəkməyən gənclər arasında ənənəvi siqaret istifadəsinə keçid ehtimalını yüksəldir.
Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması məqsədilə tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qapalı ictimai yerlərdə siqaret çəkilməsi qadağan edilmiş, tütün məmulatlarının reklamı və təşviqi ilə bağlı məhdudiyyətlər tətbiq olunmuşdur.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən də tütün və nikotin məhsullarının insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəmadi maarifləndirmə işləri aparılır. Mərkəz tərəfindən əhali arasında sağlam həyat tərzinin təşviqi, tütün və nikotin məhsullarının zərərləri barədə məlumatlandırma tədbirlərinin təşkili, təhsil müəssisələrində maarifləndirici görüşlərin keçirilməsi və ictimai sağlamlığın qorunmasına yönəlmiş təşəbbüslərin dəstəklənməsi istiqamətində fəaliyyət davam etdirilir.
Ümumdünya Tütünlə Mübarizə Günü 2026 gələcək nəsillərin sağlamlığının qorunması, gənclərin zərərli vərdişlərdən uzaq saxlanılması və ictimai sağlamlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət qurumları və aidiyyəti təşkilatlar tərəfindən həyata keçirilən tədbirlər tütün və nikotin asılılığına qarşı mübarizənin daha da gücləndirilməsinə xidmət edir.
