15 İyun Milli Qurtuluş Günü – Azərbaycan xalqının birliyi və gələcəyə inamının simvoludur
15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının öz müqəddəratını həll etdiyi, dövlət müstəqilliyini qoruyub saxladığı və möhkəmləndirdiyi, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində müstəsna xidmətləri ilə bağlı olan mühüm və əlamətdar gündür.
Bu gün ölkəmizin inkişaf yolunda mühüm mərhələ kimi tarixdə xüsusi yer tutur və hər il böyük ehtiramla qeyd olunur. 1993-cü ildə Azərbaycanda yaranmış ağır siyasi böhran və daxili sabitliyin pozulması ölkəni ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Xalqın təkidi və tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı isə dövlətçiliyin xilasına və ölkədə sabitliyin bərpasına imkan yaratdı. Həmin dövrdən etibarən ölkədə ictimai-siyasi sabitliyin təmin olunması, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və hüquqi dövlətin əsaslarının möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib.
Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələyə çevrilməklə ölkədə hökm sürən gərginliyin aradan qaldırılmasına, milli birliyin möhkəmlənməsinə və gələcək inkişaf strategiyasının formalaşmasına şərait yaradıb.
Bu dövrdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal iştirakı təmin edilib, xarici ölkələr və nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələri möhkəmləndirilib, milli maraqlara əsaslanan xarici siyasət kursu uğurla həyata keçirilib. Görülən ardıcıl tədbirlər nəticəsində ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyi daha da gücləndirilib. 15 İyun – Milli Qurtuluş Günü, həmçinin, gələcək nəsillərə dövlətçilik dəyərlərinin aşılanması baxımından xüsusi əhəmiyyət daşıyır, xalqın iradəsinin gücünü, dövlətçilik ənənələrinə bağlılığını və gələcəyə inamını ifadə edir, milli həmrəyliyin, güclü dövlətçiliyin və müstəqil Azərbaycanın uğurlu gələcəyinin rəmzi kimi böyük ehtiramla qeyd olunur.
