Respublika GEM-də Tibb işçilərinin Peşə bayramı Günü qeyd olunub
17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində tədbir keçirilib.
Bu gün insanların sağlamlığı keşiyində fədakarlıqla dayanan, onların sağlamlığının qorunması və sağlam yaşaması naminə əzmkarlıqla çalışan tibb işçilərinin peşə bayramıdır. Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə 17 iyun tarixinin Tibb İşçilərinin Peşə Bayramı Günü kimi təsis olunması səhiyyə sahəsinə göstərilən yüksək dövlət qayğısının bariz ifadəsidir.
Giriş sözü ilə çıxış edən Respublika GEM-in Baş direktoru Sara Həsənova əməkdaşları 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təbrik edib və onların əhalinin sanitariya-epidemioloji rifahının qorunması sahəsindəki xidmətlərini yüksək qiymətləndirib. O, qeyd edib ki, tibb işçilərinin peşəkarlığı, məsuliyyəti və fədakar əməyi ölkədə ictimai sağlamlığın və sanitariya-epidemioloji sabitliyin təmin olunmasında mühüm rol oynayır.
Tədbirdə çıxış edən Kommunal gigiyena məsələləri üzrə Baş direktorun müavini A.Şükürov, Hava-damcı infeksiyaları bölməsinin müdiri R.Quliyeva, Bakterioloji laboratoriyanın bioloqu F.Məmmədova səhiyyə sahəsinin ölkəmizdə keçdiyi inkişaf yolundan, həyata keçirilən islahatlardan və qarşıda duran vəzifələrdən bəhs ediblər. Çıxışlarda dövlət tərəfindən səhiyyə sisteminin təkmilləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əhalinin sağlamlığının etibarlı qorunması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi qeyd olunub. Bildirilib ki, Azərbaycan səhiyyəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmaqla, son illərdə müasir tibb müəssisələrinin istifadəyə verilməsi, qabaqcıl texnologiyaların tətbiqi və yüksəkixtisaslı tibbi kadrların hazırlanması sahəsində mühüm nailiyyətlərin əldə olunmasına şərait yaradıb.
Tədbirin sonunda peşə fəaliyyətində fərqlənən əməkdaşlara təşəkkürnamələr və gül dəstələri təqdim olunub.
İnsan sağlamlığının keşiyində dayanan tibb işçilərinin əməyi cəmiyyət tərəfindən hər zaman yüksək qiymətləndirilir. Onların əhalinin sağlamlığının qorunmasına verdiyi töhfələr böyük ehtiram və minnətdarlıq hissi ilə qarşılanır.
