Pirallahı rayon GEM-nin təşəbbüsü ilə immunizasiya və epidemioloji təhlükəsizlik mövzusunda maarifləndirici tədbir keçirilib

Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin təşəbbüsü və Pirallahı rayon İcra Hakimiyyətinin dəstəyi ilə “İmmunizasiya və epidemioloji təhlükəsizlik: Yoluxucu xəstəliklərin profilaktikası və qarşısının alınmasında müasir yanaşmalar” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Pirallahı rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı Pirallahı rayon GEM-nin əməkdaşları da iştirak ediblər.

Tədbirin məqsədi əhali arasında immunizasiya, yoluxucu xəstəliklərin profilaktikası və epidemioloji təhlükəsizlik sahəsində maarifləndirmə işlərinin gücləndirilməsi olub.

Tədbir çərçivəsində immunizasiya və epidemioloji nəzarət, yoluxucu xəstəliklərin profilaktikası, uşaqlar arasında peyvəndlənmənin əhəmiyyəti, şəxsi gigiyena qaydalarına riayət olunması, vaxtında tibbi müraciət, həmçinin heyvanlardan insanlara keçə bilən yoluxucu xəstəliklərin qarşısının alınması ilə bağlı iştirakçılara məlumat verilib. Çıxışlar zamanı yoluxucu xəstəliklərdən qorunmaq üçün profilaktik tədbirlərin vaxtında həyata keçirilməsinin, sanitariya-gigiyena normalarına əməl olunmasının və əhalinin düzgün məlumatlandırılmasının vacibliyi diqqətə çatdırılıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, əhalinin immunizasiya və epidemioloji təhlükəsizlik sahəsində məlumatlılığının artırılması məqsədilə rayon ərazisində bu istiqamətdə maarifləndirici tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.