Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rayon və şəhər GEM-lərin epidemioloqları üçün maarifləndirici vebinar təşkil olunub

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rayon və şəhər Gigiyena və Epidemiologiya Mərkəzlərinin həkim-epidemioloqları üçün “Zoom” platforması üzərindən maarifləndirici vebinar keçirilib.

Vebinarın əsas məqsədi epidemioloji nəzarətin gücləndirilməsi, yoluxucu xəstəliklərin qeydiyyatı və hesabatlılığının təkmilləşdirilməsi, həmçinin Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sistemindən (YXEMS) səmərəli istifadənin təmin olunması olub.

Görüş zamanı yoluxucu xəstəliklər barədə bildirişlərin YXEMS-ə vaxtında və düzgün daxil edilməsi, məlumatların tamlığı və dəqiqliyinin təmin olunması, epidemioloji hesabatların hazırlanması və məlumatların təhlili ilə bağlı məsələlər müzakirə edilib.

Eyni zamanda, xəstəlik ocaqlarında epidemioloji araşdırmaların keyfiyyətinin artırılması, yoluxma mənbələrinin müəyyənləşdirilməsi və profilaktik tədbirlərin operativ həyata keçirilməsi ilə bağlı tövsiyələr verilib.

Tədbir zamanı sahə mütəxəssislərinin qarşılaşdıqları praktiki çətinliklər müzakirə olunub, iştirakçıların sualları cavablandırılıb və epidemioloji nəzarətin daha səmərəli təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Vebinarın keçirilməsi həkim-epidemioloqların peşəkar biliklərinin artırılmasına, YXEMS-dən istifadənin təkmilləşdirilməsinə və yoluxucu xəstəliklər üzrə epidemioloji nəzarətin gücləndirilməsinə töhfə verib.