Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə Türk Dünyası Parlamentarilər Fondunun Elmi Şurası arasında Memorandum imzalanıb

08 oktyabr 2026-cı il tarixində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ilə Türk Dünyası Parlamentarilər Fondunun Elmi Şurası arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Memorandumun məqsədi səhiyyə, elm, təhsil və mədəniyyət sahələrində bərabərlik prinsipi əsasında qarşılıqlı faydalı əməkdaşlığın qurulması və inkişaf etdirilməsidir.

Memorandum çərçivəsində birgə elmi və tədqiqat proqramlarının, layihələrin və işlərin həyata keçirilməsi, elmi və tədqiqat sənədləri və ədəbiyyatın mübadiləsi, alim və mütəxəssislərin peşəkar inkişafının dəstəklənməsi, təlimlərin, seminarların, konfransların və görüşlərin təşkili nəzərdə tutulur.

Əməkdaşlığın əsas istiqamətlərini milli molekulyar diaqnostika və epidemioloji nəzarət infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən tənəffüs yolu infeksiyaları, HİV və virus hepatitlərinin diaqnostikası və eliminasiyası (HBV və HCV) proqramı, genomik epidemioloji nəzarət, antimikrob rezistentlik, digər yoluxucu xəstəliklərin sürətli molekulyar üsullarla diaqnostikası və izlənilməsi, mərkəzi laboratoriya infrastrukturunun inkişafı və tullantı sularında epidemioloji nəzarətin həyata keçirilməsi təşkil edir.

Memorandumda, həmçinin əqli fəaliyyət nəticələrinə dair hüquqların qorunması və birgə əldə edilmiş nəticələrə dair hüquqların tərəflər arasında tənzimlənməsi məsələləri müəyyən edilib.