Binəqədi rayonunda uşaq və yeniyetmələrin sağlamlığının qorunması mövzusunda seminar keçirilib

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Uşaq və yeniyetmələr gigiyenası bölməsinin mütəxəssisləri tərəfindən Binəqədi rayonunun 276 nömrəli tam orta məktəbdə 77 təhsil və 19 tibb işçisinin iştirakı ilə seminar-müşavirə keçirilib.

Seminarda uşaqların icbari dispanserizasiyası, qurd invaziya hallarının azaldılması, təhsil müəssisələrinin tikintisi və maddi-texniki təchizatına dair vahid normalar, məktəblilər arasında travmatizmə qarşı profilaktika, narkomaniya, alkoqolizm və tütün məmulatlarından istifadənin məhdudlaşdırılması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi barədə maarifləndirici söhbətlər aparılıb.

Məktəblilərin sağlamlığının etibarlı qorunması və sanitariya-epidemioloji sabitliyin təmin edilməsi məqsədilə keçirilən görüşdə iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırılıb və mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən  hazırlanmış “İnfeksiyaya necə yoluxurlar?”, “Qrip”, “Meymunçiçəyi” və “Ətrafdakılara təsir (passiv siqaret çəkmə)” mövzularda maarifləndirici bukletlər və əyani təbliğat materialları seminar iştirakçılarına təqdim olunub.