Qripə qarşı vaksinasiya kampaniyasına start verilib

Payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılma ehtimalı artır.

Əhali arasında profilaktik tədbirlərin gücləndirilməsi və qripə yoluxma riskinin azaldılması məqsədilə ölkəyə qrip əleyhinə vaksin preparatları gətirilib. Səhiyyə Nazirliyinin müvafiq Əmrinə əsasən, 2026-cı il oktyabrın 21-dən etibarən qripə qarşı vaksinasiya kampaniyasına start verilir.

Qripə qarşı vaksinasiya ödənişsizdir və əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində həyata keçirilir. Vətəndaşlar peyvənd olunmaq üçün yaşayış və ya iş yeri üzrə müvafiq tibb müəssisələrinə müraciət edə bilərlər.

Xüsusilə tibb işçilərinə, hamilə qadınlara, eləcə də xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı şəxslərə qripə qarşı peyvənd olunmaları tövsiyə edilir.

Səhiyyə Nazirliyi əhalini mövsümi qripə qarşı peyvənd olunmağa və sağlamlığın qorunması məqsədilə profilaktik tədbirlərə əməl etməyə çağırır.

Please select an image first to render the grid properly