Qəbələ rayonunda “Uşaq və yeniyetmələrin sağlamlığının qorunması” mövzusunda seminar keçirilib

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Uşaq və yeniyetmələr gigiyenası bölməsinin mütəxəssislərinin iştirakı, Qəbələ Rayon İcra Hakimiyyətinin və Qəbələ rayonu üzrə Təhsil sektorunun təşkilatçılığı ilə 5 nömrəli tam orta ümumtəhsil məktəbində “Uşaq və yeniyetmələrin sağlamlığının qorunması” mövzusunda seminar keçirilib.

Seminarda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarının məktəbəqədər, ümumtəhsil müəssisələrinin müəllimləri, tibb işçiləri və pediatrları iştirak ediblər. Seminarda çıxış edənlər uşaqların icbari dispanserizasiyası, qurd invaziyası hallarının azaldılması, uşaqlar arasında peyvəndlənmənin əhəmiyyəti, şəxsi gigiyena qaydalarına riayət olunması, təhsil müəssisələrinin tikintisi və maddi-texniki təchizatına dair vahid normalar, məktəblilər arasında travmatizmin profilaktikası, eləcə də narkomaniya, alkoqolizm və tütün məmulatlarından istifadənin məhdudlaşdırılması məqsədilə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər. Məktəblilərin sağlamlığının etibarlı qorunması və sanitariya-epidemioloji sabitliyin təmin edilməsi məqsədilə keçirilən görüşdə iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırılmış və mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

​Sonda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hazırlanmış “İnfeksiyaya necə yoluxurlar?”, “Qrip”, “Meymunçiçəyi” və “Ətrafdakılara təsir (passiv siqaret çəkmə)” mövzularında maarifləndirici bukletlər və əyani təbliğat materialları seminar iştirakçılarına təqdim olunub.