Azərbaycan həkimlərinin Pan-Avropa regional seminarında iştirakı

İsveçrənin Cenevrə şəhərində 12-14 iyun 2022-ci il tarixlərində Birləşmiş Millətlər Təşkilatının  Millətlər Sarayında Su və Sağlamlıq Protokolu çərçivəsində təşviq edilən su və sanitariya xidmətlərinə bərabər əlçatanlıqla bağlı regional seminar keçirilmişdir.

UNECE tərəfindən, Fransanın Həmrəylik və Səhiyyə Nazirliyi, Macarıstanın Milli İctimai Səhiyyə İnstitutu ilə əməkdaşlıq çərçivəsində təşkil edilən regional seminarda Pan-Avropa regionunda su və sanitariya xidmətlərinə bərabər çıxış sahəsində yeni siyasətin inkişafı nəzərdən keçirməklə, regionda təhlükəsiz içməli su və sanitariya xidmətlərinə əlçatanlığını təmin etmək üçün siyasət variantları, yaxşı təcrübələr və Protokol çərçivəsində “COVİD-19” pandemiyasının yaratdığı fəsadlar müzakirə olunmuşdur. Mövzunun vacibliyini və aktuallığını  nəzərə alaraq, seminarda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ (RGEM) Baş direktoru Sara Həsənova da iştirak etmişdir.

Azərbaycan nümayəndəliyinə pandemiya dövründə su və sanitariya xidmətlərinə bərabər hüquqlu əlçatanlıqla bağlı  faydalı təcrübənin bölüşmələri təklif olunmuşdur.

Azərbaycan nümayəndəliyi Avropa İttifaqı tərəfindən yeni işlənilmiş Avropa İttifaqının Su Çərçivə (2000/60/S) (SGD) direktivinin 16-cı maddəsinə əsasən, həssas və təcrid olunmuş qrupların suya çıxışını yaxşılaşdırmaq və sağlamlıq üçün həyata keçirilən tədbirlər haqqında məlumat vermişdir. Həmçinin, “2021-2025-ci illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyası”nın beş Milli Prioritetindən biri olan işğaldan azad edilmiş ərazilərə böyük qayıdışla  bağlı, hazırda ölkədə görülən işlər haqqında seminar iştirakçılarının nəzərinə çatdırılmışdır.

Regional seminarın ikinci sessiyasında su və sanitariya xidmətlərinə bərabər hüquqlu əlçatanlıqla bağlı və “COVİD-19” pandemiyasında öyrənilən təcrübələr barəsində RGEM-in Baş direktoru Sara Həsənova məlumat verərək, sanitariya-epidemioloji xidmətin bu istiqamətdə fəaliyyəti, ölkə ərazisində “COVİD-19” infeksiyasına qarşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəhbərliyi altında, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə əsasən, profilaktik və əksepidemik tədbirlərin həyata  keçirildiyini bildirmişdir. Qeyd edilmişdir ki, “COVİD-19” ilə bağlı mövcud reallıqlara yenidən baxılmış və zamanında pandemiyaya qarşı mübarizədə görülən qəti və sərt tədbirlər ölkədə müsbət tendensiyaya səbəb olmuşdur.