Dabaq və digər oxşar virus mənşəli transsərhəd heyvan xəstəlikləri üzrə simulyasiya məşğələsi keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Gəncə şəhərində dabaq və digər transsərhəd heyvan xəstəliklərinə həsr olunmuş praktiki simulyasiya təlimi təşkil edilib.

Təlim çərçivəsində Göygöl rayonunun Yeni Qızılca kəndində yerləşən heyvandarlıq müəssisəsində şərti xəstəlik ocağı üzrə əməliyyat ssenarisi icra olunub. Məşq zamanı şübhəli halların qiymətləndirilməsi, laborator analizlər üçün nümunələrin götürülməsi, epizootik vəziyyətin təhlili, yoluxmuş heyvanların təcrid edilməsi və ərazidə dezinfeksiya işləri həyata keçirilib.

Təlimdə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri A.Qurbanova da iştirak edib. Epidemioloqun təlimdə iştirakı zoonoz risklərinin qiymətləndirilməsi, biosəhiyyə tədbirlərinin əlaqələndirilməsi və səhiyyə ilə baytarlıq xidmətləri arasında əməkdaşlığın gücləndirilməsi baxımından çox əhəmiyyət daşıyır.

Təlimin əsas məqsədi mütəxəssislərin praktiki hazırlıq səviyyəsinin yüksəldilməsi, xəstəliklərin vaxtında aşkarlanması və fövqəladə epizootik hallara çevik müdaxilə mexanizmlərinin sınaqdan keçirilməsi olub. Bu cür tədbirlərin ölkədə heyvan sağlamlığının qorunması sisteminin gücləndirilməsinə və Azərbaycanın gələcəkdə dabaq xəstəliyindən azad zona statusu qazanmasına dəstək verəcəyi vurğulanıb.