İstanbulda zəlzələlər zamanı ictimai sağlamlığın qorunmasına həsr olunmuş ÜST Nazirlər Konfransı keçirilib
Ana səhifə › Xəbərlər › İstanbulda zəlzələlər zamanı ictimai sağlamlığın qorunmasına həsr olunmuş ÜST Nazirlər Konfransı keçirilib
İstanbulda zəlzələlər zamanı ictimai sağlamlığın qorunmasına həsr olunmuş ÜST Nazirlər Konfransı keçirilib
08/07/2026
İstanbulda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisi və Türkiyə Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə zəlzələlər zamanı sağlamlığın qorunmasına həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Konfransda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Vüqar Məmmədov, nazirliyin digər nümayəndələri və respublika Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-epidemioloqu Əlcəfər Cəfərov iştirak edib. Tədbirdə ölkəmizin fövqəladə hallara hazırlıq, səhiyyə sisteminin dayanıqlığının gücləndirilməsi və zəlzələlərə cavab sahəsindəki təcrübəsi beynəlxalq auditoriyaya təqdim olunub.
Zəlzələ fövqəladə hallarının idarə olunması yolu ilə səhiyyə təhlükəsizliyinin artırılmasına həsr olunmuş tədbirdə zəlzələ ilə əlaqəli sağlamlıq riskləri barədə məlumatlılığın artırılması, milli və beynəlxalq potensialın gücləndirilməsi, eləcə də fəlakətlərə hazırlıq, reaksiya, dayanıqlıq və bərpa işlərinin yaxşılaşdırılması məsələləri geniş müzakirə olunub. İki gün davam edən konfransda sanitariya-epidemioloji təhlükəsizliyin gücləndirilməsi üzrə ekspertlərin texniki sessiyası təşkil edilib və 40-dan çox ölkədən gələn səhiyyə nazirləri və rəsmilərin iclası ilə davam edib.
Konfransın yekununda iştirakçı ölkələr tərəfindən birgə Yekun Bəyanat (Outcome Statement) imzalanıb. Bu sənəddə dövlətlər gələcək seysmik fəlakətlərə qarşı səhiyyə sistemlərinin dayanıqlılığını artırmaq üçün konkret öhdəliklər götürüblər. İmzalanan sənəd ölkələri yeni xəstəxana və klinikaları seysmik təhlükəsizlik standartlarına uyğun tikməyə, mövcud tibb müəssisələrini gücləndirməyə (retrofit), fəlakət anında kəsilməz elektrik və su təchizatını təmin etməyə, həmçinin sürətli reaksiya üçün təlim keçmiş tibbi manqaları daim hazır vəziyyətdə saxlamağa çağırır.