XOCALI – QAN YADDAŞIMIZ VƏ MİLLİ BİRLİYİMİZ
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin iştirakı ilə Xocalı şəhəri tamamilə mühasirəyə alınmış, dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirilmişdir. Nəticədə 613 nəfər – o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl şəxs qətlə yetirildi. Səkkiz ailə tamamilə məhv edildi, 487 nəfər yaralandı, 1275 mülki sakin əsir götürüldü, 150 nəfər isə itkin düşdü və onların taleyi bu günədək naməlum qalır.
Xocalı soyqırımı zamanı tibb işçiləri, həkimlər, tibb bacıları ağır şəraitdə Xocalıdan çıxan əhaliyə, yaralılara tibbi yardım göstəriblər. Ağdam və ətraf bölgələrin tibb müəssisələri fövqəladə rejimdə yüzlərlə xocalı sakininin xilas edilməsi və xəstaxanalara yerləşdirilməsi üçün fədakarlıqla çalışıblar. Faciə zamanı insanları xilas etməyə çalışan, həlak olan tibb işçilərinin xatirəsi həmişə hörmətlə anılır.
Xocalı faciəsi uzun illər ərzində Azərbaycan dövlətinin və xalqının beynəlxalq aləmdə ədalət axtarışının əsas istiqamətlərindən biri oldu. Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsinə nail oldu. Onun təşəbbüsü ilə Milli Məclis 1994-cü ildə Xocalı hadisələrini soyqırımı kimi tanıdı.
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə ərazi bütövlüyünün bərpası uğrunda apardığı Vətən müharibəsi və tarixi Zəfər Xocalı qurbanları da daxil olmaqla bütün şəhidlərimizin qanının yerdə qalmadığını və xalq–dövlət birliyi sayəsində ədalətin bərpa edildiyini göstərdi.
Qələbədən sonra dövlət başçısının işğaldan azad olunmuş ərazilərə, o cümlədən Xocalıya gəlişi, burada Azərbaycan bayrağını ucaltması milli qürur və ədalətin təntənəsinin ifadəsi idi.
Hazırda azad olunmuş ərazilərdə, o cümlədən Xocalıda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, infrastruktur layihələri icra olunur, yaşayış məntəqələrinin dirçəldilməsi üçün ardıcıl tədbirlər görülür. Xocalıya qayıdış tarixi ədalətin, milli ləyaqətin və suverenliyin təntənəsidir.
Xocalı soyqırımı milli yaddaşın və dövlətçilik tariximizin ayrılmaz tərkib hissəsidir. Xocalıdan başlayan ağrı dolu yol bu gün Zəfərlə davam edir və Azərbaycan xalqı öz tarixi ədalətini bərpa etməyin qürurunu yaşayır.
