Qarayara xəstəliyinin yoluxma yolları, əlamətləri və profilaktikası

Qarayara (antraks) Bacillus anthracis bakteriyasının törətdiyi təhlükəli zoonoz yoluxucu xəstəlikdir. Bakteriyanın sporları əlverişli şəraitdə torpaqda uzun illər, hətta onilliklər ərzində qala və yoluxma mənbəyinə çevrilə bilər.
Azərbaycanda qarayara heyvandarlığın inkişaf etdiyi bəzi ərazilərdə vaxtaşırı qeydə alınan xəstəliklərdəndir. İnsanların yoluxması əsasən xəstə və ya yoluxmuş heyvanlarla, onların cəmdəkləri və məhsulları ilə təmas zamanı baş verir. Heyvanların baytarlıq nəzarəti olmadan kəsilməsi, dərisinin soyulması, yun və digər heyvan mənşəli xammalın emalı yoluxma riskini artırır.
Yoluxma qarayara sporları ilə çirklənmiş qida məhsullarının, xüsusilə çiy və ya tam bişməmiş ətin istehlakı, həmçinin çirklənmiş torpaq, su, xəz və digər heyvan mənşəli məhsullarla təmas nəticəsində baş verə bilər. Qarayaranın insandan-insana ötürülməsi olduqca nadir hallarda baş verir.
İnsanlarda qarayaranın əsasən dörd klinik forması ayırd edilir: dəri, bağırsaq, ağciyər və orofaringeal formalar. Xəstəliyin inkubasiya dövrü, yəni yoluxmadan ilk əlamətlərin meydana çıxmasına qədər olan müddət, yoluxma yolundan və xəstəliyin formasından asılı olaraq dəyişir.
Dəri forması qarayaranın insanlarda ən çox rast gəlinən formasıdır. Bakteriyanın sporları adətən kəsik, sıyrıq və ya digər zədələnmiş dəri sahəsindən orqanizmə daxil olur. İlkin mərhələdə dəridə qaşınan qabarıqlıq və ya kiçik yara əmələ gəlir. Sonradan həmin nahiyədə xarakterik qara rəngli nekrotik sahə və ətraf toxumalarda şişkinlik yaranır. Bəzi hallarda qızdırma, baş və əzələ ağrısı, halsızlıq və qusma kimi ümumi əlamətlər də müşahidə olunur.
Bağırsaq forması xəstə və ya yoluxmuş heyvanın çiy və ya tam bişməmiş ətinin istehlakı nəticəsində yaranır. İlkin əlamətlər qida zəhərlənməsinə bənzəyir. Xəstəlik ağırlaşdıqda kəskin qarın ağrısı, qusma, qanlı qusma, şiddətli ishal və ümumi vəziyyətin sürətlə pisləşməsi müşahidə olunur.
Ağciyər forması qarayaranın ən ağır formalarından biridir. Yoluxma əsasən bakteriyanın sporlarının nəfəs yolu ilə orqanizmə daxil olması zamanı baş verir. Bu risk xüsusilə yun, dəri və digər heyvan mənşəli xammalla işləyən şəxslərdə yüksəkdir. İlkin əlamətlər soyuqdəymə və ya qripə bənzəyir. Xəstəlik sürətlə ağırlaşaraq ciddi tənəffüs çatışmazlığına, ürək-damar pozğunluqlarına və şoka səbəb olur.
Orofaringeal forma ağız və udlaq nahiyəsinin zədələnməsi ilə xarakterizə olunur. Yüksək hərarət, ağız boşluğu və boğazda xoralı-nekrotik yaralar, boyun nahiyəsində şişkinlik və limfa düyünlərinin böyüməsi müşahidə olunur. Xəstəlik ağır gedişli ola bilər.
Qarayara şübhəsi olan və ya diaqnozu təsdiqlənən şəxslər tibbi müəssisəyə müraciət etməli və həkim nəzarəti altında müalicə almalıdırlar. Müalicə xəstəliyin formasından və ağırlıq dərəcəsindən asılı olaraq həkim tərəfindən müəyyən edilir və antibakterial preparatların istifadəsini əhatə edir.
Qarayara şübhəsi yarandıqda həkim nəzarəti olmadan müalicə aparmaq olmaz. Xüsusilə şübhəli heyvan və ya heyvan mənşəli məhsulla təmasdan sonra xarakterik dəri yarası, qızdırma, qarın ağrısı və ya tənəffüs problemləri yaranarsa, dərhal həkimə müraciət edilməlidir.
Qarayaranın qarşısının alınmasında baytarlıq və sanitariya tədbirləri mühüm əhəmiyyət daşıyır. Heyvanların sağlamlığına mütəmadi baytarlıq nəzarəti həyata keçirilməli, heyvanların kəsimi yalnız baytarlıq nəzarəti altında fəaliyyət göstərən müvafiq kəsim məntəqələrində aparılmalıdır. Xəstə və ya xəstəliyə şübhəli heyvanlarla təmasdan çəkinilməli, heyvanların dərisi, yunu və digər məhsulları ilə işləyərkən şəxsi gigiyena qaydalarına əməl olunmalıdır.
Çiy və ya tam bişməmiş ət istehlak edilməməli, mənşəyi məlum olmayan heyvan və heyvan mənşəli məhsullar alınmamalıdır. Heyvandarlıq təsərrüfatlarında qarayaraya qarşı profilaktik peyvəndləmə tədbirləri təmin edilməli, risk qrupuna daxil olan şəxslərin peyvəndlənməsi epidemioloji göstərişlərə uyğun həyata keçirilməlidir.
Ət alarkən nələrə diqqət edilməlidir?
Qarayara və digər zoonoz xəstəliklərdən qorunmaq üçün ət alarkən məhsulun mənşəyinə və baytarlıq nəzarətindən keçməsinə xüsusi diqqət yetirmək lazımdır.
Ət yalnız baytarlıq nəzarəti altında kəsilmiş heyvanlardan və qanunvericiliyin tələblərinə cavab verən satış məntəqələrindən alınmalıdır. Məhsulun üzərində rəsmi baytarlıq möhürünün olmasına diqqət yetirilməli və zərurət olduqda müvafiq baytarlıq sənədləri tələb edilməlidir.
Unutmayaq! Baytarlıq nəzarətindən keçməmiş və mənşəyi məlum olmayan ətin alınması və istehlakı qarayara, digər zoonoz və qida mənşəli xəstəliklərə yoluxma riskini artırır.
Təhlükəsiz ət — baytarlıq nəzarətindən keçmiş, müvafiq ekspertizası aparılmış, rəsmi möhür və sənədlərlə təsdiqlənmiş ətdir.

Please select an image first to render the grid properly