Salyan rayonunda uşaq və yeniyetmələrin sağlamlığının qorunması mövzusunda seminar-müşavirə keçirilib

Salyan rayonu 2 nömrəli tam orta məktəbdə uşaqların və yeniyetmələrin sağlamlığının qorunması, xəstəliklərin profilaktikası, icbari dispanserizasiyanın əhəmiyyəti, zərərli vərdişlərin sağlamlığa mənfi təsirləri, eləcə də təhsil müəssisələrində sanitariya-gigiyena normalarına riayət olunması mövzusunda seminar-müşavirə təşkil olunub.

Tədbir Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Salyan Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Seminar-müşavirədə Şirvan şəhəri, Salyan, Biləsuvar, Neftçala və Hacıqabul rayonlarının təhsil müəssisələrinin rəhbərləri, tibb işçiləri, regional təhsil strukturlarının və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri uşaq və yeniyetmələrin sağlamlığının qorunmasının prioritet istiqamətləri, xəstəliklərin erkən aşkarlanması və qarşısının alınmasında profilaktik tibbi müayinələrin, xüsusilə icbari dispanserizasiyanın rolu barədə ətraflı məlumat veriblər. Eyni zamanda, zərərli vərdişlərin, o cümlədən tütün və digər nikotin tərkibli məhsulların istifadəsinin, qeyri-sağlam qidalanma və fiziki hərəkətsizliyin uşaqların fiziki və psixoloji inkişafına mənfi təsirləri diqqətə çatdırılıb.

Seminar çərçivəsində təhsil müəssisələrində sanitariya-gigiyena tələblərinin təmin edilməsi, yoluxucu xəstəliklərin profilaktikası, sağlam və təhlükəsiz təhsil mühitinin formalaşdırılması, şəxsi gigiyena vərdişlərinin aşılanması və sağlam həyat tərzinin təşviqi məsələləri geniş müzakirə olunub. İştirakçılarla aparılan fikir mübadiləsi zamanı mövcud problemlər, onların aradan qaldırılması yolları və profilaktik-maarifləndirmə tədbirlərinin daha da gücləndirilməsi istiqamətində müvafiq tövsiyələr səsləndirilib. Vurğulanıb ki, uşaqların sağlam inkişafının təmin olunması yalnız tibbi xidmətlərin təşkili ilə məhdudlaşmır. Bu prosesdə düzgün və balanslaşdırılmış qidalanma, müntəzəm fiziki aktivlik, şəxsi gigiyena qaydalarına əməl edilməsi, psixoloji rifahın qorunması və zərərli vərdişlərdən uzaq durmaq mühüm əhəmiyyət daşıyır.

Həmçinin, uşaqların sağlamlığının qorunmasında valideynlərin, müəllimlərin, tibb işçilərinin və məktəb kollektivlərinin əlaqəli və məqsədyönlü fəaliyyətinin vacibliyi xüsusi qeyd edilib. Tədbirin sonunda iştirakçılara sağlamlığın qorunması, xəstəliklərin profilaktikası, sağlam həyat tərzinin təşviqi və zərərli vərdişlərin fəsadları barədə maarifləndirici buklet və posterlər təqdim olunub. Qeyd edək ki, bu kimi maarifləndirici tədbirlərin keçirilməsi uşaq və yeniyetmələr arasında sağlamlıq mədəniyyətinin formalaşdırılması, xəstəliklərin profilaktikasının gücləndirilməsi və gələcək nəslin sağlamlığının etibarlı qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.