Gədəbəy rayonunda vaksinoprofilaktika ilə bağlı seminar keçirilib

Gədəbəy Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin təşkilatçılığı ilə vaksinoprofilaktikanın əhəmiyyəti və uşaqların peyvənd prosesinə cəlb olunması ilə bağlı maarifləndirici seminar keçirilib.

Seminarda Gədəbəy Rayon Təhsil Sektorunun nümayəndəsi, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı, eləcə də uşaqları peyvənd təqvimindən geri qalan, vaksinasiyaya münasibətdə tərəddüd edən və peyvənddən imtina edən valideynlər iştirak ediblər.

Tədbirdə Gədəbəy Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Arzu İsmayılov çıxış edərək vaksinoprofilaktikanın uşaqların sağlamlığının qorunmasında mühüm rolunu vurğulayıb. O, peyvəndlərin uşaqları bir sıra yoluxucu xəstəliklərdən qoruması, vaxtında vaksinasiya olunmamağın yarada biləcəyi risklər və xəstəliklərin mümkün ağırlaşmaları barədə valideynlərə ətraflı məlumat verib.

Daha sonra Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-immunoloqu Əlcəfər Cəfərov seminara onlayn formatda qoşularaq iştirakçıların suallarını cavablandırıb. O, uşaqların milli peyvənd təqviminə uyğun vaxtında peyvənd olunmasının vacibliyini diqqətə çatdırıb, vaksinlərin təhlükəsizliyi, effektivliyi və yoluxucu xəstəliklərin qarşısının alınmasında əhəmiyyəti barədə ətraflı izahat verib.

Sonda valideynlərin sualları cavablandırılıb, uşaqların vaxtında peyvənd olunmasının vacibliyi bir daha vurğulanıb.