Tarixə yazılan Zəfər, qürurla dalğalanan bayraq
8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində, milli yaddaşında və dövlətçilik ənənələrində müstəsna əhəmiyyət daşıyan əlamətdar günlərdir. Bu tarixlər xalqımızın müstəqillik əzmini, milli birliyini, Vətənə bağlılığını və dövlət suverenliyinə sadiqliyini təcəssüm etdirir.
Zəfər Günü 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində qazanılmış tarixi Qələbənin rəmzidir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nailiyyət əldə edilib. Ordumuzun yüksək döyüş hazırlığı, peşəkarlığı və qəhrəmanlığı, xalqımızın sarsılmaz birliyi və həmrəyliyi bu Qələbənin əsasını təşkil edib.
2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin gedişində həlledici rol oynayıb və tarixi Qələbəyə aparan yolun ən mühüm hadisələrindən biri olub. Şuşanın azad edilməsi Azərbaycan əsgərinin qəhrəmanlığının, hərbi məharətinin və Vətənə sədaqətinin parlaq nümunəsi kimi tarixə düşüb. Bu hadisə xalqımızın milli iradəsinin və sarsılmaz ruhunun təntənəsinə çevrilib.
Vətən müharibəsində əldə edilən tarixi Qələbə Azərbaycan Ordusunun gücünü, hərbi qulluqçularımızın fədakarlığını və xalqımızın həmrəyliyini bütün dünyaya nümayiş etdirib. Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad edilir. Qazilərimizin göstərdikləri şücaət və fədakarlıq isə dərin minnətdarlıqla qiymətləndirilir.
Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan Respublikasının dövlətçilik tarixində xüsusi yer tutur. Dövlət Bayrağımız milli müstəqilliyimizin, dövlət suverenliyimizin, milli kimliyimizin və dövlətçilik ənənələrimizin əsas rəmzlərindən biridir.
Dövlət rəmzlərinə hörmət və ehtiramın qorunması, onların tarixi mahiyyətinin və daşıdığı dəyərlərin gələcək nəsillərə çatdırılması mühüm vəzifələrdəndir. Üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşı üçün Vətənə sevginin, milli kimliyin, müstəqilliyə sədaqətin və dövlətçilik qürurunun ifadəsidir.
Zəfər Günü və Dövlət Bayrağı Günü yalnız tarixi hadisələrin anıldığı əlamətdar tarixlər deyil, həm də milli yaddaşın qorunması, vətənpərvərlik ruhunun gücləndirilməsi, dövlətçilik dəyərlərinin təbliği və gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu günlər xalqımızın tarixi mübarizəsini, müstəqil dövlətçilik yolunda əldə etdiyi nailiyyətləri və gələcəyə olan inamını özündə əks etdirir.
Bu əlamətdar günlər münasibətilə Vətənimizin azadlığı, ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayırıq.
Zəfərimiz əbədi, üçrəngli bayrağımız daim yüksəklərdə olsun!
