Bərdə rayon Gigiyena və Epidemiologiya Mərkəzi şəhadətə ucalmış şəhidi Adil Namiq Hüseynovun əziz xatirəsinə

Hüseynov Adil Namiq oğlu 30.05.1995-ci ildə Bərdə rayon Körpüsındıran kəndində anadan olub. 2001-ci ildə Bərdə rayon Muğanlı kənd orta məktəbinə daxil olub. 2009-cu ildə həmin məktəbi bitirib. 2013-cü ildə Bərdə rayon Hərbi Komissarlığından hərbi xidmətə yola düşüb. 2015-ci il tarixdə hərbi xidməti başa vurub.

01.04.2019-cu il tarixdən Bərdə rayon GEM-də dezinfektor vəzifəsində işə başlamış, işlədiyi az müddətdə nümunəvi işçi olaraq hər zaman öndə getmiş, vəzifəsini layiqincə yerinə yetirərək, COVID-19 infeksiyası ilə mübarizədə fəal iştirak etmişdir.

Ölkədə mövcud vəziyyətlə əlaqədar qismən səfərbərlik zamanı 21 sentyabr 2020-ci il tarixdən hərbi xidmətə çağırılmış, 27.09.2020-ci il tarixdən cəbhə bölgəsinə döyüşə getmişdir. Tərtər, Ağdam, Ağdərə, Suqovuşan (Madagiz) bölgələrində döyüşlərdə fəal iştirak etmiş, qəhrəmancasına döyüşmüşdür.

17.10.2020-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə vətən bir igid oğulunu da itirdi. Vətənpərvərlik sözdə yox, işdə, əməldə təzahür etməlidir. Adil Hüseynov üzərinə düşən vətənə sevgi borcunu canını qurban verməklə Qəhrəmancasına şəhid oldu.

Adil Hüseynov 21.10.2020-ci il tarixində doğulub boya-başa çatdığı Körpüsındıran kəndinin qəbiristanlığında dəfn olunub. 25 yaşı olmasına baxmayaraq əsl vətən oğlu – vətənpərvər kimi böyük qəhrəmanlıqlar göstərən Adil Hüseynov ən uca zirvə olan Şəhidlik zirvəsinə ucalıb.

Kollektivimiz vətən naminə canını qurban vermiş şəhidimiz Adil Hüseynovla fəxr edir, onu heç vaxt unutmayacaq və xatirəsini daima qəlbimizdə ucaldacağıq.