Peyvənd
Peyvənd insanı təhlükəli bakteriya və viruslardan qorumağa kömək edən xüsusi hazırlanmış immunobioloji preparatdır. Peyvəndlərin tərkibinə spesifik immun (qoruma) cavabı yaradan komponent və əlavə maddələr daxildir. Peyvəndləmə insanları xəstəliklərə yoluxmaqdan, yoluxduqda isə müəyyən ağırlaşmalardan, əlillikdən və ölümdən qoruyur.
Peyvəndləmə uşaqları hansı yoluxucu xəstəliklərdən qoruyur?
Azərbaycanda uşaqların sağlamlığını qorumaq üçün Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş Profilaktik peyvənd təqvimi tətbiq edilir ki, bura 11 yoluxucu xəstəliyə qarşı – Hepatit B, Vərəm, Difteriya, Göyöskürək və Tetanus, Poliomielit, B tipli hemofil infeksiya, Pnevmokok infeksiyaları, Qızılca, Epidemik parotit və Məxmərək əleyhinə peyvəndlər daxildir. Peyvənd statusunuzu yoxlamaq və lazım olan dozaları almaq üçün yaşadığınız ərazi üzrə tibb müəssisəsinə sahə və ya ailə həkiminizə müraciət edə bilərsiniz.
Profilaktik peyvənd təqviminə əsasən, dogum evində yenidoğulmuşlar:
12 saat ərzində Hepatit B əleyhinə Hepatit B vaksini ilə və vərəm əleyhinə BCG vaksini ilə;
2 aylıqda – 6 komponentli Heksaksim və Pnevmokok vaksini ilə;
3 aylıqda – 6 komponentli Heksaksim vaksini ilə;
4 aylıqda – 6 komponentli Heksaksim və Pnevmokok vaksini ilə;
6 aylıqda – Pnevmokok və OPV (poliomielit əleyhinə ) vaksini ilə;
1 və 6 yaşda – QPM (qızılca,epidemik parotit və məxmərək əleyhinə) vaksini ilə;
18 aylıqda GDT (difteriya, göyöskürək və tetanus əleyhinə ) vaksini ilə;
6 yaşda DT (difteriya və tetanus əleyhinə) vaksini ilə əhatə olunurlar.
Yuxarı yaşlı şəxslərin vaksinasiyası həm planlı, həm də mövsümi və ya epidemik göstərişlər əsasında aparılır.
Uşaqlara ilk 12 saatda doğum evində hepatit B və vərəm, daha sonra poliklinikada 2, 3, 4, 6 və 18 aylığında göyöskürək, difteriya, tetanus, hepatit B, hemofil infeksiyası, poliomielit və pnevmokoka, 12 aylığında və 6 yaşında isə qızılca, parotit, məxmərək, difteriya və tetanusa qarşı peyvəndlər vurulur.
Peyvəndləri vurdurmaq həm fərdi, həm də cəmiyyət səviyyəsində ağır gedişli yoluxucu xəstəliklərin qarşısını alır. Peyvənd olunmuş insanlarda xəstəliklərə yoluxma baş vermir, xəstəliyə yoluxsa belə yüngül keçirir. Bir çox peyvənd insanda illərlə, bəzən isə ömürlük immunitet yaradır. Ölkə üzrə əhalinin peyvəndlə əhatəsinin yüksək səviyyədə olunması yoluxucu xəstəliklərin yayılmasının qarşısı alınır və bu da xəstəliklərin elminasiyasına (ləğvinə) və eradikasiyasına (kökünün kəsilməsinə) səbəb olur.
Peyvəndin tərkibində olan hər hansı bir komponentə qarşı reaksiya baş verdikdə və ya ağır gedişli immunçatışmazlığı olduqda, bu hal daimi əks göstəriş hesab olunur.
Hər hansı bir xəstəliyin sağalma dövrü bitdikdən sonra, peyvənd tətbiq oluna bilər. Bu hal müvəqqəti əks göstəriş hesab olunur.
